Niderlandın Azərbaycanı tənqid etməyə haqqı yoxdur | Ədalət Verdiyevin yazısı

   Niderlandın Azərbaycanı tənqid etməyə haqqı yoxdur    | Ədalət Verdiyevin yazısı
  17 Oktyabr 2024    Oxunub:2117
Azərbaycan müstəqilliyini əldə etdiyi qısa müddət ərzində, xüsusilə də Vətən Müharibəsindəki möhtəşəm Qələbədən sonra çox ölkələrə, o cümlədən, Ermənistana və onun ikiüzlü hamilərinə həyat dərsi keçib. Bəzi ölkələr də bizə məsləhətlərini verib, doğru saydığımızı qəbul, yanlış saydığımızı isə rədd etmişik.
Bizə məsləhət verəcək ölkələr, qurumlar və şəxslər arasında nə Niderland parlamentinin Nümayəndələr Palatası, nə də rəhbər şəxsləri ola bilər. Səbəblərini qısaca sadalamağa çalışacağam.

1. Ermənistan tərəfindən 30 illik işğal dövründə Azərbaycan xalqına və dövlətinə məxsus olan hər şey darmadağın ediləndə özlərini korluğa qoyan bəzi ləyaqətsiz ölkələr bayrağımız Xankəndidə dalğalanan kimi bizə qarşı fəallaşdılar.

2. Niderland Azərbaycana ağıl öyrətmək əvəzinə keçmiş Yuqoslaviyada yaxın keçmişdə baş verən vətəndaş müharibəsinə (1991-1995) nəzər salsın. Məhkəmə 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində azı 8300 bosniyalı müsəlmanın qətlə yetirilməsini araşdırarkən Niderland ordusunu da günahkar bilib. Müsəlmanları serb qətliamından qorumaq üçün Srebrenitsaya yerləşdirilən Niderland sülhməramlı kontingenti nəyinsə qarşılığında qatil Slobodan Miloşevicin faşistləri ilə əməkdaşlıq edib, onlara azı 300 nəfər mülki müsəlman əhalinin qətli üçün şərait yaradıblar.

3. Niderland Azərbaycana irad bildirmək əvəzinə əvvəlcə özünün qaranlıq tarixinə, o cümlədən, Asiyada, Afrikada və Amerikada yaşayan çoxsaylı aborigen xalqları soyqırıma məruz qoyduğu müstəmləkəçilik illərinə nəzər salmalıdır. Çətinlik varsa, yardım edə bilərəm.

4. Yəqin ki, Niderland rəsmilərinə 1810-1975 illər arasında istifadə olunan "Qara holland" ifadəsini xatırlatmağa ciddi ehtiyac yaranıb. Həmin dövrdə Hollandiya müstəmləkə qüvvələrinin tərkibində xidmət edən afrikalı muzdlu əsgərlər "qara holland" adlanırdı. Bu ad əvvəlcə müstəmləkə altında olan Yava adasında, Surinamada və İndoneziyada işlənirdi, sonradan isə digər koloniyalara - Qvineyaya və Şərqi Hindistana yayıldı. "Qara holland"lar müstəmləkəçi Niderlandın yerli əhaliyə qarşı istifadə etdiyi dəyənək funksiyasını yerinə yetirirdi.

5. Tarixi zəif ölkələri və xalqları müstəmləkə altında saxlamaqla zəngin olan Niderland nə birinci, nə də ikinci Dünya Müharibəsində özünü qorumaq imkanlarına malik olub. Hər dəfə müharibə təhlükəsi yaranan kimi neytrallığını elan etməklə canını qurtarmağa çalışıb. Birinci Dünya Müharibəsində bu fənd nəticə verdi, amma İkinci Dünya Müharibəsi başlayandan sonra Hollandiya 4 sentyabr 1939-cu ildə neytrallığını elan etsə də, 1940-cı il mayın 10-da alman qoşunları onu işğal etməyə başladılar, cəmi 5 gün sonra Niderlandın silahlı qüvvələri demək olar ki, döyüşmədən və çox biabırçı bir vəziyyətdə təslim oldular. 1941-1942-ci illərdə Niderlandın Şərqi Hindistanda və Cənub-Şərqi Asiyadakı koloniyaları da Yaponiya tərəfindən azad edildi. Ondan sonra Niderland ordusu bu günə qədər bircə uğurlu döyüş əməliyyatına da imza atmayıb.

Bunları nəzərə alaraq rahatlıqla deyə bilərik ki, tarixi qaranlıq müstəmləkəçilik və təslimçilik faktları ilə zəngin olan Niderlandın ərazi bütövlüyünü təkbaşına bərpa edən qalib Azərbaycana məsləhət verməyə və ya tənqid etməyə mənəvi haqqı yoxdur. Niderlandda bu gün Azərbaycanı tənqid etmək istəyənlər əvvəlcə öz keçmişlərinə və bugünkü üzdəniraq vəziyyətlərinə diqqət yetirsələr yaxşı olar.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər: Niderland  





Xəbər lenti